By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Anar Amin: HƏRƏ BİR ÖLÜM ÖLDÜRÜR
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > Anar Amin: HƏRƏ BİR ÖLÜM ÖLDÜRÜR
Marağlı

Anar Amin: HƏRƏ BİR ÖLÜM ÖLDÜRÜR

Lamiyə Turqay
Last updated: İyul 21, 2026 12:30 axşam
By Lamiyə Turqay
18 Min Read
Share
SHARE

YERİ VAR

Hər ağacın budağında
bir quş yeri var, yeri var.
Və hər quşun yuxusunda
bir daş yeri var, yeri var.

Bilsəm, çıxmazdım bu yolu,
ayrılıqmış sağı-solu.
Hər ürəyin ahla dolu
bir boş yeri var, yeri var.

İnsan yolçu, arzu yolsa,
dərd eləmə, ümid bolsa.
Bu qəmlə oynamaq olsa,
“bir tuş” yeri var, yeri var.

Adəm oğlu baxmaz geri,
baxsa alınmaz al-veri.
Hər ömrün bir “heyif” yeri,
bir “kaş” yeri var, yeri var.

KÖNLÜMÜZ KÜSÜRSƏ
UMDUĞU YERDƏN

Bu payız yağışlar tez yağdı, bir az,
yenə damcı damır, damdığı yerdən.
Güc alar, köç edib gedən durnanın
qanadları göydən, dimdiyi yerdən.

Durnalar köç edər, yağar yağışlar,
yağışlar çöllərə nələr bağışlar…
Ovçu gülləsinə tuş gələr quşlar,
tuş gələr, gözünü yumduğu yerdən.

Gərək göz yummayım, ümid kəsməyim,
payızda üşüyüb, qışda əsməyim.
İlahi, mən səndən necə küsməyim,
könlümüz küsürsə, umduğu yerdən.

BƏXTİMİZ

Bəxtimiz bəxt üzüyündən
qaş kimi düşdü, bilmədik.
Qismətimiz göydən yerə
quş kimi düşdü, bilmədik.

Gəlməsə də xoşumuza,
gələn gəldi tuşumuza,
yağış, dolu başımıza
daş kimi düşdü, bilmədik.

Taqətimiz dizimizdən,
sevincimiz üzümüzdən,
dünya bizim gözümüzdən
yaş kimi düşdü, bilmədik…

ÖZGƏYƏ YAXINAM,
ÖZÜMƏ YADAM

Suallar quşların qanadlarında,
cavablar quşların dimdiyindədir.
Günahlar sünbülün dənlərindəsə,
səvablar quşların dimdiyindədir.

Özgəyə yaxınam, özümə yadam,
haçansa başıma uçacaq bu dam.
Cəsədi qurd-quşa yem olan adam,
əzablar quşların dimdiyindədir.

Girsin öz içinə azmaq istəyən,
gördüyü yuxunu yozmaq istəyən.
Min ildir şairlər yazmaq istəyən,
kitablar quşların dimdiyindədir!..

HƏRƏ BİR ÖLÜM
ÖLDÜRÜR

Adam özün tapanacan
özün o qədər itirir.
Gördüyündə gözü qalır —
gözün o qədər itirir…
Ömrü arvada, uşağa
bölmək üçün yaşayırıq…

Başımız bədənə bağlı,
nə etsək aça bilmirik.
Qollarımız qanaddırsa,
bəs niyə uça bilmirik?
Səhər gedib, axşam evə
gəlmək üçün yaşayırıq.

Bəlkə ölənlərimizlə
hər dəfə ölüb gedirik.
Min dəfə “ölürəm” deyib,
bir dəfə ölü gedirik.
Ölümün necə olduğun
bimək üçün yaşayırıq…

Ruhun göyə, cismin verir
yerə bir ölüm öldürür.
Nə yaxşı ki, ölüyü an
hərə bir ölüm öldürür…
Yaşamaq üçün ölürük,
ölmək üçün yaşayırıq!..

ÖZÜMÜ ÖZÜMDƏN
O YANDA TAPDIM

Haçansa, hardansa götürdüyümü
qaytarıb yerinə qoyanda gördüm.
Ətrafa baxdım ki, görən olmadı,
qaşımı özümdən o yanda gördüm,
gözümü özümdən o yanda tapdım.

Çox şey lazım deyil, haqqı deməyə,
bir az səs lazımdır, bir azca da söz.
Qəfildən qar yağdı və kimsə dedi:
— Dözmüsən, sən Allah, bir azca da döz.
Dözümü özümdən o yanda tapdım.

İndi səni kimə ad eləyiblər,
ay mənə ad olub adımdan çıxan?!
On il yox, yüz il yox, inan, bəlkə də,
min il bundan qabaq yadımdan çıxan
sözümü özümdən o yanda tapdım.

Qar altdan boy verən qarçiçəyini
qoxladım, burnumda qoxu isindi.
“Yanmasan, bişməzsən” dedilər mənə,
yandım alovuma çoxu isindi.
Közümü özümdən o yanda tapdım.

Min məndən adlayıb bir məndən keçən,
adamı yandırıb – yaxır ki bir gün.
Özümdən çıxanda bir öz itirdim,
axtardım, aradım, axır ki, bir gün
özümü özümdən o yanda tapdım.

BİR ÖZ İTİRMƏSƏN,
BİR ÖZ TAPMAZSAN

Harda olsan, gəlib tapacaq səni,
can atma dərdindən qaçmaqdan ötrü.
Haqqı, həqiqəti aşikar edib
bəsirət gözümü açmaqdan ötrü
gözüm görə-görə bir göz itirdim.
Bir göz itirməsən, bir göz tapmazsan.

Onda başım üstə göy gurlayardı,
dəli şimşəklərin çaxşı olardı.
Kim bilir, bir azca səbr eləsəydim,
bəlkə də, dözsəydim, yaxşı olardı.
Nə yaxşı dözmədim, bir döz itirdim.
Bir döz itirməsən, bir döz tapmazsan.

Yaxın nə anlasın, uzaq nə bilsin,
mən nələr çəkirəm yatana kimi.
O gecə küləkdə yağışla gəldi,
od alıb evimə çatana kimi
ovcumun içində bir köz itirdim.
Bir köz itirməsən, bir köz tapmazsan.

Nə varsa qismətdir bu yer üzündə,
qismətdən artığın yeyə bilmədim.
Haçansa yadıma düşə-düşməyə,
yeriydi, unutdum, deyə bilmədim,
dilimin ucunda bir söz itirdim.
Bir söz itirməsən, bir söz tapmazsan.

Yıxıldım, əl atıb qolumdan tutan,
“qalx” deyib bağrına basan olmadı.
Özümdən çıxmağım çox uzun çəkdi,
özümdən çıxmağım asan olmadı.
Özümdən çıxanda bir öz itirdim.
Bir öz itirməsən, bir öz tapmazsan.

GÖZƏL BİR MİSRAYA
LAİQ DEYİLƏM

İlahi, bilirəm nəsə bir şey var,
edilən hörmətin, xətirin altda.
Görəsən o adam nəyin gizlədib
üstünə səpdiyi ətirin altda.

Qışdan yazdan çıxıb yaya giririk,
yayda da çırmanıb çaya giririk…
Su ki aydınlıqdır, niyə giririk
hər yağış yağanda çətirin altda.

Ölüm gəlsə, ayıq-sayıq deyiləm,
şeir dəniz, heyif qayıq deyiləm.
Gözəl bir misraya laiq deyiləm,
məni basdırarsız sətirin altda.

SƏTİR-SƏTİR QAÇIB
YUXUM GÖZÜMDƏN

Yaz vaxtı oxlova gələn qonşumuz
gedəndə yağışlıq çətir istəyib.
O gecə yuxumda fətir görmüşəm,
durmuşam, ürəyim fətir istəyib.
Nənəm un ələyib, xəmir yoğurub,
ocaq qalamışam, sac gətirmişəm,
fətir-fətir qaçıb yuxum gözümdən.

Nənəli-nağıllı dünyamın, Allah,
altı sacdan imiş, üstü fətirdən.
Uşaq sevinciylə ocaq başında
motal pendiriylə isti fətirdən
o ki var doyunca yeyəndən sonra
ətirşah dəmləyib nənəm, içmişəm,
ətir-ətir qaçıb yuxum gözümdən.

Mən elə bilmişəm, mən deyən olub,
bəlkə də, mən deyən olmayıb heç vaxt?!
Nədənsə etdiyim yaxşılıqların
heç biri cəzasız qalmayıb, heç vaxt.
Hər zaman xətrini istədiklərim
vaxt-bivaxt xətrimə dəyiblər mənim,
xətir-xətir qaçıb yuxum gözümdən.

Mənim də dəftəri bir yana qoyub
qələmi bir yana atmağım olub.
Söz-söz, heca-heca mürgü vurmağım,
baş qoyub masaya yatmağım olub.
Yatmışam gecənin bir aləmində,
çox vaxt misra-misra diksinmişəm mən,
sətir-sətir qaçıb yuxum gözümdən.

İSTEDAD YOXSA

Yerində yer tapa bilmədiyin yer,
göyündə göy sənə əzab verəcək.
O göyün altında, bu yerin üstə
hər şey, hər şey sənə əzab verəcək.

Bəndənin səhv yolu seçməyi də var,
Allahın… günahdan keçməyi də var.
Yaza bilməməyin içməyi də var…
içdiyin mey sənə əzab verəcək.

Düşün, savabın az, günahın çoxsa,
hər günah ruhuna tuşlanan oxsa,
yazıb-yaratmağa istedad yoxsa,
iddian hey sənə əzab verəcək..!

BEYİNDƏN QƏLƏMİN
UCUNA KİMİ

Bəlkə də, bu fikir yol gəlib Allah,
göyündən qələmin ucuna kimi.
Yol gəlib yorulub dincəlsin bir az
heyindən qələmin ucuna kimi.

Danışma, qalaq as, ey xoş olmuşam,
xoş olan adamla hey xoş olmuşam.
Mey süz, meyxanəçi meyxoş olmuşam,
meyindən qələmin ucuna kimi.

Bu payız ömrümdə xəzan nə çəkir,
Sən cəza çəkirsən, cəzan nə çəkir
Yazmayan nə bilsin yazan nə çəkir
beyindən qələmin ucuna kimi.

YAZA BİLMIYƏNDƏ

Kaş ki yaza biləydim
neçə yol “kaş”, “kaş” deyib,
“kaş”ımda gəzdirdiyim
neçə-neçə əsər var.
Arzularda düşünüb
xəyallarda yazdığım
duşumda gəzdirdiyim
neçə-neçə əsər var.

Çox olub qələm qırıb…
dəftəri bağladığım,
masanı yumruqlayıb
ah çəkib ağladığım.
Yaddaşıma həkk edib
yadımda saxladığım,
huşumda gəzdirdiyim
neçə-neçə əsər var.

Görən övladlarımın
hansı birin seçəcək?
İstedad… xəstəlikdir
məndən kimə keçəcək?!
Bu dünyadan mənimlə
o dünyaya köçəcək
başımda gəzdirdiyim
neçə-neçə əsər var.

DOSTLAR MƏCLİSİNDƏ

Mənə yüz il ömür arzulamayın,
yüzün cəzası var bu yer üzündə.
Doğru danışanlar hardan bilsinlər,
düzün cəzası var bu yer üzündə.

Dostlar məclisində doymazam, şadam,
doğruya yaxınam, yalana yadam.
Susma, gördüyünə göz yuman adam,
gözün cəzası var bu yer üzündə.

Bax odur əyninə güllü don geyən,
haqqımı tapdayıb, payımı yeyən.
Sən ey “yaxşı olar, bir az döz deyən”,
dözün cəzası var bu yer üzündə.

Ömür qırıq-qırıq, gün paxla-paxla,
qismətin beləymiş, ya gül, ya ağla…
Sözü urvatlı tut, urvatlı saxla,
sözün cəzası var bu yer üzündə.

Həsrət löyün-löyün, dərd çeşid-çeşid,
arxada üç it var, qabaqda beş it…
Özünü axtarıb tapmasan, eşit:
“öz”ün cəzası var bu yer üzündə.

SÖZDƏN UMACAĞIM
OLMAYIB HEÇ VAXT

Nəsə umacağım olubsa belə,
alnı açıq, üzü ağdan ummuşam.
Quşqonmaz, qardurmaz zirvələr haqqı,
mən nə ummuşamsa, dağdan ummuşam.
Düzdən umacağım olmayıb heç vaxt.

Nə bilim bəlkə də düz eləmişəm,
nə bilim bəlkə də düz etməmişəm.
Bəzən elə olub ən yaxınımdan
nəsə istəməyə üz etməmişəm.
Üzdən umacağım olmayıb heç vaxt.

Yalandır, doğrudur, yaxşıdır pisdir,
kimin kim olduğun haqq yaxşı bilir.
Kim nə deyir desin, kimdə bilməsə,
qələm yoldaşlarım çox yaxşı bilir,
sözdən umacağım olmayıb heç vaxt.

Hərdən bir düşünün, Siz kim idiniz?
Ay buyruq buyurub, söz dediklərim?!
Siz ey adlarını çəkmədiklərim,
adların çəkməyib “Siz” dediklərim,
Sizdən umacağım olmayıb heç vaxt.

BİRCƏ ADDIM İMİŞ
ALLAHIN BOYU

Nənələr nənəsi Həvva nənəmiz,
babamız Adəmin içində imiş.
Bir qız bir oğlanın, nənəm babamın,
anam da atamın içində imiş.

Lal ola tufanın, susa dənizin,
suyun iki bölüb əsa dənizin.
İbrahim alovun, Musa dənizin,
İsa da edamın içində imiş.

Kilid qəlbindədir, dilində deyil,
kilidin açarı əlində deyil…
Həqiqət adamın çölündə deyil,
həqiqət adamın içində imiş.

Qoyma nəfsə çatsın tamahın boyu,
çatsa, boy verəcək günahın boyu…
Bircə addım imiş Allahın boyu,
Allah bir addımın içində imiş.

İBRAHİMİN BİR TELİ

Nəmrud İbrahimi oda atdırar,
İbrahim Nəmrudun odundan çıxar.
Alov peyğəmbərin bir telin ütsə,
dünya ləzzətindən, dadından çıxar.

Əynin qalındımı, odda üşüdən,
kimdi bu hay- küydə səni eşidən?!
Bərəkət Allahdan, xeyir Kişidən,
şər olan nə varsa, qadından çıxar.

Hazır ol dünyadan köçməyə hər gün,
cismində Sibir var, ruhunda sürgün…
Hər şey yaddaşından silinər bir gün,
hər şey yavaş-yavaş yadından çıxar.

NƏMRUDUN TONQALI

Alovda yanmayan həzrət İbrahim
Nəmrudun odundan o yanda imiş.
Peyğəmbər ömrünün ləzzət, tamı,
ağzının dadından o yanda imiş.

İçməyə su gəzən, daxma axtaran,
yeməyə bir tikə loxma axtaran,
bu ögey dünyada doğma axtaran,
yaxının yadından o yanda imiş.

O tonqal gör kimdən ötrü qalanmış,
İbrahim bəlkə də, sənin balanmış.
Nə varsa, qadına qədər yalanmış,
həqiqət qadından o yanda imiş.

QADINDAN O YANDA

Həzrət Adəm qabırğadan,
Həzrət Musa dənizlərdən,
Həzrət İbrahim Nəmrudun
odundan keçib gedirmiş.
Bir gün dadmaq istədiyin
o dünyanın dadı, tamı,
Bu dünyanın ləzzətindən,
dadından keçib gedirmiş.

Göydə qəfil gurultusu,
Yerdə qəfil təkanı var.
O laməkan olanın da
hardasa bir məkanı var.
Hər bir kəsin qismətində
adın böyük sükanı var.
Hər kəsin bəxti, taleyi
adından keçib gedirmiş.

Haqqa boylan, sən Haqqa bax,
“bax” qadından o yandadır.
Səni o Haqqa bağlayan
“bağ” qadından o yandadır.
Nahaq qadından bu yanda,
haqq qadından o yandadır.
Haqqa gedən o Yol ki var,
qadından keçib gedirmiş.

ŞƏKİL ÇƏKƏ
BİLMİRƏM

Nə varsa, sən çəkmisən,
şəkil çəkə bilmirəm.
qarışıb bir-birinə
boyaqlarım, İlahi.
Bəlkə, goyü zirvələr
saxlayır başı üstə,
yerdən göyə dirənib
dayaqların İlahi.

Yerin baca, göyün ev,
arada pərdəyəm mən —
aralıqda qalmışam,
hələ bəridəyəm mən.
Hamını yuxu tutub,
elə bir yerdəyəm mən,
ayaq üstə yatıbdır
oyaqların, İlahi.

Yaratdığın hər şeyə
vuruldum, Sənə çatdım,
düşüb burulğanlara
buruldum, Sənə çatdım,
gecə-gündüz yol gəlib,
yoruldum, Sənə çatdım,
Səndən o yana getmir
ayaqlarım, İlahi!..

AYRILIQ QOXUSU

Zodan meşəsinə düşən ildırım
palıdı yandırır, cökəni yaxır.
Payız sarısını udub… qorxudan
göylər guruldayır, şimşəklər çaxır.
Buluddan ayrılıq qoxusu gəlir.

Ayı pəncəsindən canın qurtaran
qartal dimdiyində caynaqlanırsa,
Sonuncu ölənə ümid deyirlər,
bir ümid gümandan qaynaqlanırsa,
“ümid”dən ayrılıq qoxusu gəlir.

Yel vurub yellənən yemişanların
budaqların qırıb barın yeyirlər.
Sonra da bax heç nə olmamış kimi,
“olub keçənləri unut” deyirlər.
“Unut”dan ayrılıq qoxusu gəlir.

“Dağlar haqqı, hər şey yaxşı olacaq,
bir azca səbr elə, bir azca döz” de…
Bənövşə ətirlim, tülpan dodaqlım,
susma, qurban olum, mənə bir söz de.
Sükutdan ayrılıq qoxusu gəlir.

Qırılmış budağın altında qalan
bir gülü oxşayıb çiçəyi ovut.
Ağacdələn bilir, ağac nə çəkir:
bir koğuş min ölən yarpağa tabut.
Tabutdan ayrılıq qoxusu gəlir.

QIRIQ-QIRIQ OLMUŞ
ÜMİDLƏR

Ayın arxasında günəş dayanıb,
ayın qabağından buludlar keçir…
Keçən buludların içindən, Allah,
qırıq-qırıq olmuş ümidlər keçir…

Dünyamız budursa, burda ölüm var,
hörümçək hördüyü torda ölüm var.
Harda olum varsa, orda ölüm var —
hay-küyün içindən sükutlar keçir…

İslatdın ömrümü
göz yaşlarınla

Qəfil
coşub
daşan dağ çayı kimi,
Çağlaya-çağlaya gəldin üstümə.
İlıq bir qış günü, bir qış axşamı
Ağlaya-ağlaya gəldin üstümə.
İslatdın ömrümü göz yaşlarınla,
Bulud gözlərini boşaltdın mənə.
Zodan meşəsində, Çətindərədə
Ayı pəncəsinin altında qalan
Bənövşə ömrünü yaşatdın mənə.

Qırxdan
yön almışdım,
əlliyə doğru,
Dərin bir xəyala dalıb gedirdim.
Heç kimlə, heç nəylə işim yox idi,
Başımı aşağı salıb gedirdim.
“Kaş gəlməz olaydın”, sən hardan gəldin,
Hayandan bu eşqi tuşatdın mənə?
Zodan meşəsində, Çətindərədə
Ayı pəncəsinin altında qalan
Bənövşə ömrünü yaşatdın mənə.

Arzu var,
gül açar
qaya döşündə,
Ümid var, bir gülün ləçəyi boyda.
Qədərmi göndərdi, özünmü gəldin!?
Gəldin, bir işıldaböcəyi boyda
Bir… işıq nöqtəsi işartdın mənə…
Zodan meşəsində, Çətindərədə
Ayı pəncəsinin altında qalan
Bənövşə ömrünü yaşatdın mənə.

Mən
hardan biləydim,
yaxın bildiyim
Yadın nifrəti var bu yer üzündə.
Kişi mərhəməti, qadın qəzəbi,
Qadın nifrəti var bu yer üzündə.
Bəlkə də, kiminsə qisasın aldın,
Bəlkə də, kimisə oxşatdın mənə.
Zodan meşəsində, Çətindərədə
Ayı pəncəsinin altında qalan
Bənövşə ömrünü yaşatdın mənə.

CƏNNƏT ATALARIN
ÇİYNİNDƏ İMİŞ

İlahi, Məkkədən Mədinəyəcən
hicrət ataların çiynində imiş…
Həzrət Məhəmmədə iman gətirən,
həzrət ataların çiynində imiş…

Haqqın sol mələyi, nə yazırsan, yaz,
bəlkə də, günahım səvabımdan az.
Allahın övlada verdiyi hər naz-
nemət, ataların çiynində imiş…

Ürək süfrə deyil, açaq, ya sərək,
arzular yaralı.., ümidlər xərək…
Məni bağışlasın analar gərək,
cənnət ataların çiynində imiş…

ZƏLZƏLƏDƏN
SONRA

O vaxt ölən igidləri
birinci atlar ağlayıb.
Atlar, atalar analar,
sonra tabutlar ağlayıb…

Tabut vardı hara baxdım,
ora baxdım, bura baxdım.
Zəlzələdən sonra baxdım —
divarda çatlar ağlayıb.

Çatlayan divardan tutdum,
nəfəs dərib, hava uddum.
Qəfil yuxum gəldi, yatdım,
elə biliblər ölmüşəm,
yaxınlar, yadlar ağlayıb.

Boğdu məni qəhər durdum,
yaz idi, birtəhər durdum,
axşam yatıb, səhər durdum —
gördüm ki, otlar ağlayıb…

ADLARIN ALIN
YAZISI

Gördülər, həmişə meyxoş haldayam,
meylər oğulluğa götürdü məni.
Yerlər yiyə durub, sahib çıxmadı,
göylər oğulluğa götürdü məni.
And olsun, bu yaşıl tut ağacına,
barından ən yaxşı şərab çıxmağı,
tutların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Nə yaxşı, böyüyüb, qoyun olmadı…
nənəmin… bir mələr quzusu vardı.
Nənəm nə biləydi, bizim həyətdə,
hansısa bir qurdun ruzisi vardı?
İnsanın, heyvanın, ağacın, quşun…
külli-kainatda elə hər şeyin,
hər şeyin bir alın yazısı vardı.
…Hansısa divara, hansısa daşa,
hansısa bir vaxta necə düşməyi
çatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Arandan yaylağa köç edən çoban,
yurd tutar, yurd salar, yurd, yuxusunda.
Otlar yuxusunda quzu görərlər,
quzular qurd görər, qurd, yuxusunda.
Mal-heyvan səsinə bu yaz səhəri,
diksinib yuxudan sərsəm durmağı…
otların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah.

Nə yaxşı, Allahı dərk etmək üçün…
deməyə sağlıq var, içməyə mey var.
Gəlin, badə-badə düşünək, niyə? —
başımız üstündə yeddi qat Göy var;
yerdə də, Göydə də qat-qat olmağı,
qatların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Nə qədər qorxu var bu Yer üzündə;
yaxın qorxusu var, yad qorxusu var.
Hələ də üzümdə ötkəm atamın,
o cod əllərinin cod qorxusu var.
Yerdə, Yupiterdə, Uranda, Marsda —
külli-kainatda yana biləcək
hər şeyin canında od qorxusu var.
Bir göz qırpımında bax, göz görəni,
necə yandırmağı, necə yaxmağı
odların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Sevinc oxşarlığı, dərd oxşarlığı,
kədər oxşarlığı vardır hər kəsin.
Tale oxşarlığı, bəxt oxşarlığı,
qədər oxşarlığı vardır hər kəsin.
Bütün olanlara, olacaqlara,
ələstə dediyim o “BƏLİ” haqqı,
ağıllı dayanıb fikirləşincə
çayı vurub keçən o dəli haqqı,
alın yazısını adamların yox,
adların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah.

Lamiyə Turqayın araşdırması: İnfluencer gəlirləri real qazanc, yoxsa şişirdilmiş görüntüdür?
Astronomlar gizli planeti belə tapdılar
İqlim böhranı dərinləşir: Dünyanı hansı təhlükələr gözləyir?
İlkin Şakiroğlu – Eyni günləri yaşamaq da itkidir
West sindromu: Minlərlə ailənin üzləşdiyi ağır nevroloji problem
Share This Article
Facebook Email Print
Previous Article Qlobal dünya: Sərhədlər kiçilir, məsafələr yox
Next Article DİM-dən jurnalistika ixtisasını seçənlərə mühüm xəbər
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?