Astronomlar Yerdən 333 işıq ili məsafədə yerləşən pulsasiya edən ulduzun ətrafında indiyədək müşahidə olunmayan planet aşkar ediblər. Səma cismi klassik tranzit metodu ilə deyil, əks olunan işığın yaratdığı olduqca zəif parlaqlıq dəyişiklikləri vasitəsilə müəyyənləşdirilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə İtaliyanın “ANSA” nəşri Milli Astrofizika İnstitutunun rəhbərliyi ilə beynəlxalq tədqiqat qrupunun apardığı araşdırmaya istinadən məlumat yayıb.
Planet “Qu quşu” bürcündə yerləşən “KIC 9139163” ulduzunun ətrafında dövr edir və öz orbitini cəmi 14 saata tamamlayır. Onun kütləsi Yerdən 7,3 dəfə, radiusu isə 2,4 dəfə böyükdür.
Alimlərin diqqətini çəkən əsas məqamlardan biri planetin “Neptun səhrası” adlandırılan bölgədə yerləşməsidir. Bu ərazidə bu tip planetlərin mövcudluğu olduqca nadir hesab olunur.
Planetin orbitinin Yerin baxış istiqamətinə nisbətən əyilmiş olması səbəbindən o, öz ulduzu ilə Yer arasından keçmir. Buna görə də planet ənənəvi tranzit üsulu ilə aşkar edilə bilməyib.
Tədqiqatçılar bunun əvəzinə faza əyrilərini, yəni planetin hərəkəti zamanı ulduz sisteminin parlaqlığında yaranan çox kiçik dəyişiklikləri araşdırıblar. Bu müşahidələr vasitəsilə planetin əvvəlcə işıqlanan, daha sonra isə qaranlıq tərəfi haqqında məlumat əldə etmək mümkün olub.
Tədqiqatçı Silven N. Breton bildirib ki, kainatdakı planetlərin böyük hissəsi Yerdən müşahidə edilə bilmir. Bunun əsas səbəblərindən biri onların öz ulduzlarının qarşısından keçərək tranzit yaratmamasıdır.
Alimlər əks olunan işığı yüksək dəqiqliklə ölçmək üçün “Qalileo” teleskopunda quraşdırılmış “HARPS-N” cihazının məlumatlarından istifadə ediblər.
Araşdırma planetin yalnız mövcudluğunu müəyyən etməyə deyil, onun atmosferi və daxili quruluşu barədə ilkin təsəvvür əldə etməyə də imkan verib.
Məlum olub ki, planetin sıxlığı əsasən isti sudan ibarət səma cisminin xüsusiyyətlərinə uyğundur. Ulduzuna son dərəcə yaxın yerləşməsi səbəbindən planet güclü qabarma-çəkilmə qüvvələrinin təsiri altındadır. Bu amilin onun orbitində sürətli dəyişikliklərə səbəb olduğu müəyyənləşdirilib.
