Prezident İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
ilkinxeber.az informasiya agentliyinin araşdırmasına görə, qəbul edilən dəyişikliklər məcburi köçkün statusunun itirilməsi ilə bağlı hüquqi əsasların dəqiqləşdirilməsini nəzərdə tutur.
Yeni qaydalara əsasən, vətəndaş əvvəl yaşadığı əraziyə qayıtdıqda, yaxud əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda qanunvericiliklə müəyyən edilmiş ölçüdə yeni yaşayış sahəsi ilə əvəzsiz təmin edildikdə məcburi köçkün statusunu itirəcək. Eyni zamanda, dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina edən şəxslər də artıq bu statusu saxlaya bilməyəcəklər.
Keçid müddəasına uyğun olaraq, qanun qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış sahəsi ilə təmin olunan məcburi köçkünlərin statusu da qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv ediləcək.
Dəyişikliklərin əsas məqsədi dövlət tərəfindən təqdim edilən yeni yaşayış sahəsi vasitəsilə vətəndaşların mənzil hüququnun tam bərpasını təmin etmək və məcburi köçkün statusunun hüquqi əsaslarını yeni reallıqlara uyğunlaşdırmaqdır.
