Bakıda fəaliyyət göstərən “MedAura” klinikasında rinoplastika əməliyyatı zamanı xəstənin komaya düşməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə lor və estetik cərrah Yaqub Əsədi ilə anestezioloq Cəmilə Əliyeva barəsində hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, hər iki həkim 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınıb.
Proses zamanı dövlət ittihamçısı Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif etmişdi. Zərərçəkən tərəf də təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulan ən ağır cəzanın tətbiqini və mülki iddianın tam təmin olunmasını istəyib.
Məhkəmədə müdafiə tərəfi isə bir-birini məsuliyyətli hesab edib. Anestezioloq Cəmilə Əliyevanın vəkili bildirib ki, cərrah Yaqub Əsədi anesteziya və intubasiya prosesini özü həyata keçirib, nəticədə xəstənin vəziyyəti ağırlaşıb. Yaqub Əsədinin vəkili isə əksinə, xəstənin nəzarətsiz qalmasına görə məsuliyyətin anestezioloqun üzərinə düşdüyünü bildirib.
Mülki iddia qismən təmin olunub. Məhkəmənin qərarına əsasən, əvvəllər ödənilmiş məbləğ nəzərə alınmaqla Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutularaq zərərçəkənə ödəniləcək.
Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. “MedAura” klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı əməliyyatdan sonra komaya düşüb və hazırda yataq xəstəsidir. Onun anasının şikayətindən sonra hadisə ilə bağlı cinayət işi başlanılıb.
İstintaq çərçivəsində hər iki həkimə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdü.
