Ali məktəblərə ixtisas seçimi sabah saat 23:59-da başa çatır.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün səhər saatlarına olan məlumata əsasən, 70 mindən çox abituriyent ixtisas seçimini təsdiqləyib.
İxtisas seçimi ilə bağlı ekspert Elçin Murad bildirib ki, xüsusilə III ixtisas qrupunda rəqabətin yüksək olacağı gözlənilir. Onun sözlərinə görə, bu qrup üzrə təxminən 7-8 min abituriyentin tələbə ola bilməməsi mümkündür. III qrupda 250-dən aşağı bal toplayanların qəbuldan kənarda qalmaq riski daha yüksəkdir.
Ekspertin fikrincə, I və II qruplarda vəziyyət nisbətən yaxşıdır. II qrupda düzgün seçim edən və 200-dən yuxarı bal toplayan abituriyentlərin qəbul şansı yüksək qiymətləndirilir.
IV qrupda isə rəqabətin III qrupa yaxın olacağı bildirilir. Düzgün ixtisas seçimi aparılmadığı halda qəbul ola bilməyənlərin sayının artacağı gözlənilir.
Ekspert bəzi ixtisaslarda keçid ballarının dəyişəcəyini də qeyd edib. I qrupda 250-400 bal aralığında müəyyən artım, 500-600 və daha yüksək ballı ixtisaslarda isə müəyyən enmə ehtimalı var.
III qrupda əsasən keçid ballarının artacağı, xüsusilə 600-dən aşağı ballı ixtisaslarda rəqabətin güclənəcəyi gözlənilir. IV qrupda isə 600-dən yuxarı ballı ixtisaslarda ciddi bal artımı ehtimal olunur.
Ən yüksək rəqabətin informatika, tibb, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, maliyyə, iqtisadiyyat və logistika istiqamətlərində olacağı bildirilir.
Abituriyentlərə ixtisas seçiminin son saatlarını gözləmədən seçimlərini təsdiqləmələri və ixtisasların keçid balları ilə yanaşı, rəqabət səviyyəsini də nəzərə almaları tövsiyə olunur.
