Xankəndidə restoranın qarşısında asayişi pozan iki gənc inzibati qaydada həbs olunub.
İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranının qarşısında baş verib.
Məlumata əsasən, 23 və 22 yaşlı iki gənc restoranda keçirilən ad günü məclisində iştirak edib. Gecə saatlarında məclisdə olan xanımlardan birinin anası qızını aparmaq üçün restorana gəlib. Bu zaman gənclərlə qadın arasında mübahisə yaranıb.
Mübahisə restoranın qarşısında davam edib və gənclər yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozublar. Hadisə zamanı onlardan biri bıçaq xəsarəti də alıb.
Polis əməkdaşları gənclərə xəbərdarlıq edərək onları şöbəyə dəvət etsələr də, onlar qanuni tələblərə tabe olmayıblar. Nəticədə hər iki şəxs saxlanılaraq polis şöbəsinə aparılıb və barələrində müvafiq protokollar tərtib edilib.
Məhkəmənin qərarı ilə 23 yaşlı şəxs 20 gün, 22 yaşlı digər şəxs isə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
