İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Ağalarov Azərbaycana gətirilib və istintaqa cəlb olunub.
DTX-nin məlumatına görə, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib. O, BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə qarşı silahlı pusquların qurulması, məsafədən idarə olunan partlayıcı qurğulardan istifadə və beynəlxalq təşkilatların nümayəndələri ilə müxtəlif ölkələrin vətəndaşlarına qarşı silahlı hücumların təşkilində iştirakda ittiham olunur.
Məlumata əsasən, Namiq Ağalarov uzun illər ərzində müxtəlif adlardan istifadə edərək ayrı-ayrı ölkələrdə gizlənib və məsuliyyətdən yayınmağa çalışıb.
DTX bildirir ki, onun cihad və radikal dini təbliğat fəaliyyəti ilə məşğul olduğuna dair də məlumatlar mövcuddur.
Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.
