Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, saxlanılan şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini 28 yaşlı Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan 2006-cı il təvəllüdlü Rəşad İbrahimov və Şabran rayon sakini 22 yaşlı Qədir Quliyevdir.
Valeh Hümbətovun anası Yeganə Hümbətovanın sözlərinə görə, oğlu hadisədən bir neçə saat sonra onunla qısa telefon danışığı edib. O bildirib ki, Valeh ilk dəfə Türkiyəyə gəmidə işləmək üçün gedib və bundan əvvəl yük gəmisində təxminən 5 ay matros kimi çalışıb. Bir ay əvvəl isə sərnişin gəmisində işləməyə başlayıbmış.
Hadisə zamanı Valeh Hümbətov nişanlısına gəminin batdığını bildirib. Daha sonra ailəsi ilə əlaqə saxlayaraq insanların xilas edildiyini və quruya çıxdıqdan sonra yenidən zəng edəcəyini deyib. Lakin bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Rəşad İbrahimovun bacısı Türkan Təhməzova isə bildirib ki, qardaşı hadisədən təxminən 20 gün əvvəl gəmidə işləmək üçün Türkiyəyə gedib. Qəza günü ailəyə hadisə barədə məlumat verilsə də, sonradan Rəşadın sağ olduğu təsdiqlənib.
Onun sözlərinə görə, Rəşadın şəxsi əşyaları və mobil telefonu gəmi qəzası zamanı itib. Daha sonra ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə onunla əlaqə saxlanılıb. Rəşad qısa danışıq zamanı xəstəxanada olduğunu bildirib.
Ailə üzvləri Rəşadın saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlardan xəbər tutublar. Şirkət nümayəndələri isə onun saxlanılmasının insan tələfatı ilə bağlı aparılan prosedur çərçivəsində həyata keçirildiyini və hadisədə günahının olmadığını bildiriblər. Rəşadın vəkillə təmin olunduğu qeyd edilib.
Digər saxlanılan Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, 22 yaşlı Qədir apreldən etibarən həmin gəmidə matros kimi çalışıb. Qəza baş verdikdən sonra ailəsi ilə əlaqə saxlayan Qədir gəminin batdığını, lakin sağ olduqlarını bildirib. Daha sonra onların izahat vermək üçün aparıldığını deyib.
Ailə üzvlərinin sözlərinə görə, gəmi şirkətindən də onlarla əlaqə saxlanılaraq narahatlığa əsas olmadığı bildirilib.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Son məlumata görə, 240 nəfər xilas edilib, 19 sərnişinin axtarış-xilasetmə işləri isə davam etdirilir.
