Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi, ATƏT məkanında təhlükəsizlik məsələləri, mədəniyyətlərarası dialoq və mina problemi ətrafında fikir mübadiləsi aparılıb.
Pere Joan Pons Sanpietro ATƏT məkanında mövcud münaqişələrdən birinin həll edilməsini və regionda davamlı sülhün təmin olunması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev qeyd edib ki, təxminən 30 il ərzində münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu danışıqlar prosesində real nəticə əldə edə bilməyib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icra olunmadığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın münaqişəyə hərbi-siyasi yollarla son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini bildirib.
Görüşdə Azərbaycanın ATƏT Parlament Assambleyası ilə siyasi dialoq və qarşılıqlı təmaslarından məmnunluq ifadə olunub. Eyni zamanda, ATƏT Parlament Assambleyasının gündəliyində ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı mədəniyyətlərarası dialoq məsələsi də müzakirə olunub. Azərbaycanın bu istiqamətdə rolu və verdiyi töhfələr müsbət qiymətləndirilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətini də vurğulayıb. O bildirib ki, mina problemi ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunan əsas məsələlərdən biridir.
