Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra dövlət başçısına Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan SALVO silahlı insansız dəniz vasitələri və KAYRA kamikadze insansız dəniz vasitələri barədə məlumat verilib.
Prezident və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar. İstehsal olunan insansız dəniz vasitələrinin praktiki sınaqları da keçirilib.
Səfərin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.
