Gənclər və idman naziri Fərid Qayıbov bu il Bakıda keçiriləcək Azərbaycan Qran-prisinin ölkə üçün əhəmiyyətindən danışıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, nazir Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında Qran-prinin Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi ildə keçirilməsinin mühüm hadisə olduğunu bildirib.
Fərid Qayıbovun sözlərinə görə, yubiley Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, Bakının beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Nazir qeyd edib ki, “Formula-1” yarışının əhəmiyyəti yalnız idmanla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün yeni imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir.
F.Qayıbov həmçinin yarışın Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, ölkənin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.
