Azərbaycanın kamandan oxatma üzrə milli komandasının üzvləri Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında üç medal qazanıblar.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, 120 idmançının iştirak etdiyi yarışda Azərbaycan yığması baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimir Lekveişvilinin rəhbərliyi ilə mübarizə aparıb.
70 metr məsafəyə qadınların fərdi yarışında Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medal qazanıb. Eyni yarışda Yaylagül Ramazanova gümüş medala layiq görülüb.
Fatimə Hüseynli qarışıq komanda yarışında belaruslu oxatan Kiril Firsovla birlikdə üçüncü yeri tutaraq bürünc medal da əldə edib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri çempionatdan əvvəl, avqustun 29-dan sentyabrın 7-dək Mogilyovda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.




