Azərbaycanda dövlət qurumlarında iş rejimi dəyişir
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Bakı və ətraf ərazilərdə yerləşən dövlət orqanlarında, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərdə, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslərdə dəyişkən iş qrafiki tətbiq ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni iş rejimi sentyabrın 15-dən etibarən iki ay müddətində sınaq qaydasında tətbiq olunacaq.
Sınaq müddətində əməkdaşların iş qrafiki üç fərqli rejim üzrə təşkil ediləcək. İş saatları 08:00–17:00, 09:00–18:00 və 09:30–18:30 müəyyənləşdirilib. Hər bir iş rejimi üzrə əməkdaşların sayının 30 faizdən az olmaması nəzərdə tutulur.
İki aylıq sınaq müddətində nəqliyyat sıxlığının dəyişməsi aidiyyəti dövlət qurumları tərəfindən qiymətləndiriləcək. Əldə olunan nəticələrin təhlilindən sonra iş rejiminin gələcəkdə necə təşkil olunması ilə bağlı yekun təkliflər hazırlanacaq.
Dəyişiklik Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tapşırıq əsasında həyata keçirilir.
