Yaxın Şərqdə davam edən münaqişələr enerji bazarlarına ciddi təzyiq göstərməkdə davam edir. ABŞ-də fəaliyyət göstərən iri neft şirkətlərinin rəhbərlərinin daha əvvəl xəbərdarlıq etdiyi qlobal yanacaq böhranının artıq özünü göstərdiyi bildirilir.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, dünya üzrə kommersiya yanacağı ehtiyatları altı aydan artıqdır azalmaqda davam edir. Strateji neft ehtiyatlarından istifadə imkanlarının da əhəmiyyətli dərəcədə məhdudlaşdığı qeyd olunur.
Energetika üzrə ekspertlər Yaxın Şərqdəki münaqişənin yaxın zamanda həll olunacağına dair aydın perspektivin olmamasının vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirirlər. Onların fikrincə, enerji təchizatında yaranan problemlər nəzarətdən çıxaraq qlobal yanacaq bazarında daha ciddi böhrana səbəb ola bilər.
ABŞ-də dizel yanacağının qiymətində də nəzərəçarpacaq artım qeydə alınıb. Məlumata əsasən, dizelin qiyməti son bir ay ərzində təxminən 14 faiz, son bir ildə isə 60 faizdən çox yüksəlib.
ABŞ administrasiyası qiymət artımının qarşısını almaq üçün müxtəlif addımlar atmağa çalışır. Bu çərçivədə neft emalı müəssisələrinin rəhbərləri ilə görüş keçirilib və Venesuela ilə neft tədarükünə dair mühüm razılaşma elan edilib.
Lakin enerji ekspertləri ABŞ-də neft emalı zavodlarının artıq yüksək yüklə çalışdığını və Venesuelanın yaxın illərdə neft tədarükünü əhəmiyyətli həcmdə artırmasının real görünmədiyini bildirirlər.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens də daha əvvəl benzin qiymətlərinin müharibədən əvvəlki səviyyəyə nə vaxt qayıdacağını dəqiq proqnozlaşdırmaqdan çəkinib.
Hazırkı vəziyyət qlobal enerji bazarında qeyri-müəyyənliyin davam etdiyini və Yaxın Şərqdəki münaqişənin yalnız siyasi və humanitar deyil, həm də ciddi iqtisadi nəticələr yaratdığını göstərir.
Yanacaq böhranı qlobal təhlükəyə çevrilir
Şərh edilməmiş
