ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək məqsədilə Bakıya səfər edib.
Səfər çərçivəsində Ali Fidan və nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub və məzarı üzərinə gül dəstələri qoyulub.
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Türkiyə nümayəndə heyətinin rəhbəri Ali Fidanla görüşüb.
Görüş zamanı iki ölkənin daxili işlər nazirlikləri arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və birgə fəaliyyətin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Ali Fidan göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirib. O, qlobal təhdidlərə və müxtəlif növ cinayətkarlığa qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.
Azərbaycan-Türkiyə polis əməkdaşlığı Bakıda müzakirə edildi
Şərh edilməmiş
