İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğızıstanda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, eləcə də MDB Katibliyinin nümayəndələri iştirak ediblər.
İclasdan əvvəl müdafiə nazirləri İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhərin abadlaşdırılması və təbii irsin qorunması məqsədilə ağacəkmə aksiyası keçirilib.
İclasda kollektiv təhlükəsizliyin təmin olunması, orduların əməliyyat və döyüş hazırlığı, mühəndis təminatında pilotsuz sistemlərin və robototexnika komplekslərinin tətbiqi, həmçinin hücum və müdafiə əməliyyatlarında pilotsuz uçuş aparatlarından istifadə məsələləri müzakirə edilib.
Bununla yanaşı, ordu idmanı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə yarışların təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda 2026-cı il ərzində görülən işlərin nəticələrinə dair sənədlər və MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2027-ci il üçün İş Planı imzalanıb.
