Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi açılıb
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, eləcə də dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Məlumata görə, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçinin Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin təşviqinə yönələn materiallar paylaşması ilə bağlı daxil olan məlumatlar əsasında araşdırmalar aparılıb.
Araşdırmalar zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin təşviqi ilə bağlı dini radikalizm məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış məzmunların təkrar yayıldığı müəyyən edilib. Həmçinin radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edildiyi aşkarlanıb.
Toplanmış materiallar əsasında 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Cinayət işi üzrə Celal Çiftçi təqirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.
Hazırda onun və digər şəxslərin əməllərinin araşdırılması məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq çərçivəsində digər zəruri tədbirlər görülür.
Baş Prokurorluğun məlumatında qeyd olunub ki, ibtidai istintaq çərçivəsində materialların məzmunu, onların hazırlanması və yayılması halları, eləcə də iş üçün əhəmiyyətli digər faktlar araşdırılır. Əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması məqsədilə vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən materialları yaymaqdan çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
