İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları mikro və kiçik sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Bu xərclər həm ticarət obyektlərinin maliyyə yükünü artırır, həm də məhsul və xidmətlərin qiymətlərinə təsir edə bilir.
Məlumata görə, Türkiyədə POS-terminal xidmətləri üzrə komissiya 1,32 faiz, Gürcüstanda 1–1,75 faiz, Qazaxıstanda isə 0,9–1,1 faiz təşkil edir.
Qeyd olunur ki, iri satış obyektlərinin çəkdiyi bu xərclər bəzi hallarda mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərin qiymətinə də əlavə edilir. Nəticədə, yüksək tariflər nağdsız ödənişlərə marağı azalda bilər.
Məsələyə diqqət çəkən əsas məqamlardan biri mikro sahibkarlar üçün tətbiq edilən 2 faizlik sadələşdirilmiş vergi dərəcəsidir. Bildirilir ki, bəzi hallarda POS-terminaldan istifadəyə görə banklara ödənilən komissiya xərcləri vergi yükünü belə üstələyə bilər. Bu isə şəffaf fəaliyyət göstərmək və nağdsız hesablaşmalardan istifadə etmək istəyən sahibkarlar üçün əlavə çətinlik yaradır.
Bu səbəbdən POS-terminal tariflərinin azaldılması və optimallaşdırılması təklif olunur. Mərkəzi Bankın stimullaşdırıcı mexanizmlər tətbiq etməsi, eləcə də daxili “İnterçeync” sisteminin genişləndirilməsi komissiya haqlarının aşağı salınmasına kömək edə bilər.
Gözləntilərə görə, bu istiqamətdə atılacaq addımlar nağdsız ödənişlərin təşviqinə, mikro və kiçik sahibkarlığın dəstəklənməsinə, eləcə də qiymət artımına təsir edən xərclərin azaldılmasına şərait yarada bilər.
