Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaqlanaraq öldürülməsi ilə bağlı daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbsdə saxlanma müddəti 24 oktyabr 2026-cı il tarixindən hesablanacaq.
Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Qeyd edək ki, hadisə ilə bağlı indiyədək ümumilikdə 13 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir. Onlardan bəzilərinin cinayətin planlaşdırılmasında iştirak etdikləri müəyyən edilib.
Həbs olunan şəxslər arasında Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də var.
