Pakistan səfirliyi Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
2019-cu il avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci və 35-A maddələrinin ləğvindən sonra Cammu və Kəşmirdə insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlar artıb. Özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə məhdudiyyətlər, eləcə də ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönələn addımlar davam edir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Pakistanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Cammu və Kəşmir məsələsi beynəlxalq səviyyədə tanınmış mübahisə olaraq qalır. Diplomatın sözlərinə görə, birtərəfli qərarlar ərazinin mübahisəli statusunu dəyişdirə bilməz və Kəşmir xalqının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, eləcə də beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyin etmək hüququnu aradan qaldırmır.
Sara İjaz, həmçinin Azərbaycanın Cammu və Kəşmir məsələsində nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqeyi yüksək qiymətləndirdiklərini vurğulayıb.
