Abşeron rayonunun Masazır qəsəbəsində iki gəncin ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunan sürücü üç gün sonra ev dustaqlığına buraxılıb.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, oktyabrın 11-də gecə saatlarında Masazır qəsəbəsində, Duz gölünün yaxınlığında “KIA Rio” markalı avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan 21 yaşlı Allahverən Məlikov və 19 yaşlı Fərid Yusifzadə hadisə yerində həyatlarını itiriblər.
İlkin araşdırma zamanı motosikleti idarə edən Allahverən Məlikovun sürücülük hüququnun olmadığı müəyyən edilib.
Qəza ilə əlaqədar avtomobilin sürücüsü Araz Mürsəlli Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin Sumqayıt Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edərək həbs qətimkan tədbirini dəyişdirib. Hakim Elçin Məmmədov qərar qəbul edərkən təqsirləndirilən şəxsin istintaqdan yayınmamasını, ekspert rəyinin hələ hazır olmamasını və qəzanın başvermə şəraitinin tam aydınlaşdırılmamasını əsas götürüb.
Nəticədə Araz Mürsəlli ev dustaqlığına buraxılıb.
Qəzada həyatını itirən gənclərin yaxınları məhkəmənin qərarından narazıdırlar. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və tərəflər arasında barışıq əldə edilmədiyini bildirirlər.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. İrəli sürülən ittiham təsdiqini taparsa, Araz Mürsəllini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
