İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 27-də saat 14:00 radələrində Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin ehtimala görə, Yevlax şəhər sakini, 24 yaşlı Oruc Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobil yüksək sürət və təkər sistemində yaranmış nasazlıq səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və onun 30 yaşlı həmyerlisi, sərnişin Emil Paşayev xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə avtomobillərin texniki vəziyyətini mütəmadi yoxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı və sürət həddinə ciddi riayət etməyi tövsiyə edib.
İdarə sürət amilinin və texniki nasazlıqların ağır yol qəzalarına səbəb ola biləcəyini xatırladaraq sürücüləri daha diqqətli olmağa çağırıb.
