İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyədə oktyabrın 28-dən etibarən gözlənilən güclü leysan yağışları ilə əlaqədar Meteorologiya Baş İdarəsi 20 vilayət üzrə xəbərdarlıq elan edib.
Məlumata görə, Muğla vilayətində təhlükənin daha yüksək olduğunu bildirən narıncı xəbərdarlıq kodu, digər 19 vilayətdə isə sarı xəbərdarlıq kodu tətbiq olunub.
Sarı xəbərdarlıq elan edilən vilayətlər Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Dənizli, Diyarbəkir, Elazığ, Qaziantep, İsparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Şanlıurfa, Tunceli və Batman şəhər və bölgələrini əhatə edir.
Proqnoza əsasən, İstanbulda oktyabrın 29-da Respublika Günü ilə əlaqədar tədbirlərin keçiriləcəyi vaxtlarda leysan yağışlarının güclənəcəyi gözlənilir. Ankarada isə yağıntılı hava şəraitinin davam edəcəyi bildirilir.
Güclü yağışların qəfil sel və daşqınlara, küçə və yaşayış sahələrinin su altında qalmasına, güclü küləyə, şimşək çaxmasına və torpaq sürüşmələrinə səbəb ola biləcəyi ehtimal edilir.
Vətəndaşlara hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqları izləmək, riskli ərazilərdən uzaq durmaq və mümkün təhlükələrə qarşı diqqətli olmaq tövsiyə olunur.
