Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Bişkekdə Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə görüşüb.
ilkinxeber.az informasiya agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Qırğız Respublikasının “Ala-Arça” Dövlət iqamətgahında keçirilib. Qırğızıstanın birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər qonaqları qarşılayıb.
Mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə qırğız xalqının zəngin mədəni irsini, milli adət-ənənələrini və əsrlər boyu formalaşmış sənətkarlıq nümunələrini əks etdirən müxtəlif eksponatlar nümayiş olunub. Ekspozisiyada keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları və xalq sənətkarlarının əsərləri təqdim edilib.
Tədbir çərçivəsində qonaqlar üçün konsert proqramı da təşkil olunub. Yaradıcılıq kollektivləri və ifaçılar qırğız xalqının milli mədəniyyətini, zəngin ənənələrini və qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.
Mehriban Əliyeva digər ölkələrin birinci xanımları ilə bir arada
Şərh edilməmiş
