İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İranın Tehran İnqilab Məhkəməsi azərbaycanəsilli kinorejissor Cəfər Pənahini əmlakı müsadirə olunmaqla 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
“Emtedad” xəbər agentliyinin məlumatına görə, hökm rejissorun iştirakı olmadan, qiyabi qaydada çıxarılıb. Bu barədə onun vəkili Mustafa Nili məlumat verib.
Vəkilin sözlərinə əsasən, Pənahiyə iki il müddətinə sosial şəbəkələrdən istifadə etmək və ölkədən çıxmaq qadağası da qoyulub. Rejissora qarşı irəli sürülən ittihamların detalları açıqlanmayıb.
Mustafa Nili bildirib ki, ötən həftə rejissorun bütün bank hesabları xəbərdarlıq edilmədən dondurulub. O, səbəbləri araşdırmaq üçün prokurorluğa müraciət edərkən hökm barədə məlumat əldə edib.
Məhkəmə qərarında Cəfər Pənahinin İran hüdudlarından kənarda yaşadığı iddia olunsa da, rejissor 2026-cı il martın 30-da, “Oskar” mükafatlandırma mərasimində iştirak etmək üçün Los-Ancelesə səfərindən sonra vətəninə qayıdıb. Onun “Adi təsadüf” filmi mərasimdə iki nominasiya üzrə təqdim olunub.
Pənahi daha əvvəl “Variety” nəşrinə müsahibəsində ölkəsinə qayıtmaq qərarından vaz keçməyəcəyini bildirmişdi.
Qeyd edək ki, rejissor 2022-ci ildə etiraz aksiyaları ilə əlaqədar yeddi ay müddətinə saxlanılıb. 2025-ci ildə onun “Adi təsadüf” filmi Kann kinofestivalında “Qızıl palma budağı” mükafatına layiq görülüb. “Tehran taksisi” filmi isə 2015-ci ildə Berlin kinofestivalının “Qızıl ayı” mükafatını qazanıb.
Cəfər Pənahiyə 2010-cu ildə İran hakimiyyəti tərəfindən 20 il müddətinə kino fəaliyyəti qadağan edilmişdi. Sözügedən məhdudiyyətlər 2023-cü ildə aradan qaldırılıb.
