Azərbaycanın Baş naziri Əli Əsədov BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, iyulun 1-də keçirilən görüşdə Azərbaycan ilə BMT arasında müxtəlif sahələr üzrə uğurla inkişaf edən əməkdaşlıq münasibətləri müzakirə olunub və bu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtun qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyət yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, yol nəqliyyat infrastrukturunun müasir standartlara uyğun inkişafı, eləcə də rəqəmsal texnologiyaların tətbiqi ilə nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
