İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Suriya Ərəb Respublikasında yerləşən düşərgələrdən Azərbaycan vətəndaşlarının növbəti repatriasiyası həyata keçirilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Repatriasiya olunanlar əsasən qadın və uşaqlardan ibarətdir.
Bildirilib ki, vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti əvvəlcədən dəqiqləşdirilib, daha sonra onların təhlükəsiz şəkildə Türkiyə ərazisinə keçidi təmin olunub. Prosesdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Repatriantlar ilkin olaraq tibbi və psixoloji müayinədən keçirilib, onlara zəruri yardım göstərilib. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri tərəfindən vətəndaşlarımız müvafiq sənədlər və uçuş biletləri ilə təmin edilərək ölkəyə qaytarılıb.
Qeyd olunub ki, repatriasiya olunan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər davam etdiriləcək.
