Bu gün Vətən uğrunda canından keçən, “Qisas” əməliyyatı şəhidi Rəşad Qənbərlinin doğum günü münasibətilə anım mərasimi keçirildi. Şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri onun əziz xatirəsini ehtiramla yad etdilər.
Bu ilki anım mərasiminin Aşura gününə təsadüf etməsi tədbirə xüsusi mənəvi məna qatdı. Kərbəla şəhidlərinin fədakarlıq və haqq uğrunda mübarizə ruhu ilə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əzmi arasında mənəvi bağlılıq bir daha xatırlandı.
Mərasimdə çıxış edənlər Rəşad Qənbərlinin göstərdiyi qəhrəmanlıqdan danışaraq, onun Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etdiyini vurğuladılar. Bildirildi ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.
Qurani Kərimdən ayələr oxunub, şəhidin ruhuna dualar edilib. Tədbir iştirakçıları onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.
Aşura günündə keçirilən bu anım mərasimi bir daha göstərdi ki, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın adı xalqımızın yaddaşında əbədi yaşayacaq. “Qisas” əməliyyatı şəhidi Rəşad Qənbərlinin əziz xatirəsi hər zaman hörmət və ehtiramla yad ediləcək.
