Azərbaycanda “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi planlaşdırılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, ölkədə 8 yeni mədəni turizm məhsulunun istifadəyə verilməsi də nəzərdə tutulur. Proqramın sonunadək 4 yerli və 1 beynəlxalq təbliğat tədbirinin, o cümlədən festival və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Bundan əlavə, dövlət qoruqlarında tarixi abidələrin bərpası və infrastrukturun yaxşılaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
Proqram çərçivəsində sağlamlıq turizminin inkişafı strategiyası və fəaliyyət planının hazırlanması, tibbi turizm sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də ən azı 5 tibbi turizm müəssisəsinin beynəlxalq akkreditasiya prosesinə cəlb edilməsi qarşıya məqsəd qoyulub.
Həmçinin Azərbaycanda hər il Sağlamlıq Turizmi Konfransının keçirilməsi də Dövlət Proqramının əsas hədəfləri sırasındadır.
