Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması planlaşdırılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında nəzərdə tutulub.
Proqrama əsasən, aralıq mərhələdə 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi təmin ediləcək. Yekun hədəf isə bu göstəricinin 2030-cu ilədək 34 ölkəyə çatdırılmasıdır.
Bununla yanaşı, elektron viza və sərhəddə viza rejiminin tətbiq olunduğu ölkələrin sayının artırılması, həmçinin çoxdəfəlik elektron vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsi də planlaşdırılır.
Tədbirlərin 2026–2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.
