Bu gün Polisi Günüdür. Azərbaycan polisinin yaradılmasının 108 ili tamam olur. Bir əsrdən artıq tarixi olan bu şərəfli yol dövlətçiliyə sədaqətin, qanunun aliliyinin və vətəndaş təhlükəsizliyinin qorunmasının simvoluna çevrilib.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli polis orqanlarının əsası qoyuldu. Həmin gündən etibarən Azərbaycan polisi ölkənin ən çətin dövrlərində dövlətin dayaqlarından biri kimi fəaliyyət göstərərək üzərinə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirib. Bu tarix sonradan peşə bayramı kimi təsis olunaraq hər il böyük ehtiramla qeyd edilir.
Polis forması sadəcə xidmət geyimi deyil. O, məsuliyyət, cəsarət və fədakarlıq rəmzidir. Gecə gündüz demədən xidmət aparan, təhlükə qarşısında geri çəkilməyən, insanların rahatlığı naminə öz rahatlığından keçən minlərlə polis əməkdaşı cəmiyyətin təhlükəsizliyinə mühüm töhfə verir.
Azərbaycan polisinin tarixində şəhidlik zirvəsinə ucalan qəhrəmanların adı xüsusi hörmətlə anılır. Onların göstərdiyi igidlik bugünkü polis nəslinə nümunə olmaqla yanaşı, xalqımızın yaddaşında əbədi yaşayır.
Bu əlamətdar gündə bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, xidməti borclarını yerinə yetirərkən həyatını itirmiş şəhid polis əməkdaşlarını dərin ehtiramla yad edirik. Vətənə, dövlətə və xalqa xidmət yolunda çalışan hər bir polisə möhkəm can sağlığı, məsuliyyətli fəaliyyətində uğurlar və daim xalqın etimadını doğrultmağı arzulayırıq.
108 yaşın mübarək, Azərbaycan Polisi!
