İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu ilin ilk doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin ümumi həcmi 48 milyard manat təşkil edib. Ötən il ərzində isə bu göstərici 66 milyard manat olub.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunan mətbuat konfransında bildirib ki, əməliyyatların böyük həcmi və qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar bu köçürmələrə limitlər tətbiq ediblər.
Onun sözlərinə görə, aylıq 20 min manatlıq və gündəlik beş mədaxillə bağlı limitləri artırmaq istəyən müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilərlər. Müraciət əsaslı hesab edilərsə, limitlərin artırılması mümkündür. Eyni qayda bir kart məhsulu üzrə əlavə kart əldə edilməsinə də aiddir.
Taleh Kazımov vurğulayıb ki, məqsəd qanuni əməliyyatları məhdudlaşdırmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyətlərin qarşısını almaqdır. O qeyd edib ki, bəzi şəxslər yaşlı insanların və pensiyaçıların adına ödəniş qarşılığında kartlar açdıraraq onlardan qanunsuz məqsədlərlə istifadə edirlər. Həmçinin eyni kart məhsulu üzrə bir neçə kart əldə etməklə əməliyyat dövriyyəsini bölüşdürmə halları da müşahidə olunur.
AMB sədri limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi ilə bağlı narahatlıqlara da aydınlıq gətirib. O bildirib ki, mövcud müşahidələr belə bir keçidi təsdiqləmir. Əksinə, sentyabr ayında nağdlaşdırmanın həcmi avqust ayı ilə müqayisədə azalıb.
