Al Paçino deyir ki, keçmişə baxma, çünki keçmiş bir illüziyadır.
Bu cümlə məni düşündürdü.
Keçmiş doğrudanmı illüziyadır?
Axı orada yaşadıqlarımız var. Sevdiklərimiz, itirdiklərimiz, qazandıqlarımız, uduzduqlarımız var. Uşaqlığımız, gəncliyimiz, ilk sevgimiz, ilk məyusluğumuz var. İnsan necə bütün bunlara “illüziya” deyə bilər?
Amma bir az dərindən düşünəndə məsələ dəyişir.
Keçmiş artıq yoxdur.
Onun yalnız izi var. Yaddaşımızda qalan şəkli var. Biz keçmişi xatırlayanda həmin anı yaşamırıq. Onun yaddaşımızda qalan formasını yaşayırıq. Deməli, keçmiş bu günün içində yalnız bir xatirə kimi mövcuddur.
İnsan isə çox vaxt xatirəni həyatın özündən üstün tutur.
Bir insan illərlə əvvəl baş vermiş bir hadisəni düşünür. “Kaş belə etməzdim” deyir. “Kaş o sözü deməzdim” deyir. “Kaş onu itirməzdim” deyir.
Amma heç bir “kaş” dünəni dəyişmir.
Keçmişin ən ağır tərəfi də budur. Sən onunla danışa bilərsən, amma cavab ala bilməzsən. Ona qayıtmaq istəyə bilərsən, amma qapısı üzünə açılmaz. Orada buraxdığın insanları axtara bilərsən, amma onların çoxu artıq əvvəlki insanlar deyil.
Bəlkə də insanın özünə edə biləcəyi ən böyük haqsızlıq keçmişin cəzasını bu gününə verməsidir.
Bir vaxt səhv etmisən. Qoy səhvin sənə dərs olsun.
Bir insanı itirmisən. Qoy həmin itki sənə insanın qədrini öyrətsin.
Bir fürsəti əldən vermisən. Qoy növbəti fürsəti tanımağı bacar.
Amma bütün ömrünü itirdiyinin arxasınca keçirmə.
Çünki həyat gözləməkdə deyil.
Həyat indi baş verir.
Bu gün yanındakı insanla danışarkən baş verir. Səhər açılan pəncərədən içəri düşən işıqda baş verir. İçdiyin qəhvənin qoxusunda, yazdığın bir cümlədə, ürəyində yaranan yeni bir ümiddə baş verir.
Dünənə borclu ola bilərik, amma sabahı dünənə qurban verməməliyik.
Keçmişi unutmaq lazım deyil.
Sadəcə onunla yaşamağı dayandırmaq lazımdır.
Çünki insan arxaya baxa-baxa irəli gedə bilməz.
Həyatın ən böyük həqiqətlərindən biri budur. Bəzi qapılar bağlanır və biz həmin qapının qarşısında illərlə dayanırıq. Halbuki həyat başqa tərəfdə davam edir.
Bəlkə də Al Paçinonun dediyi sözün mahiyyəti elə budur.
Keçmişə baxma.
Çünki orada artıq sən də əvvəlki sən deyilsən.
Orada qalan hər şey bir xatirədir.
Həyat isə hələ qarşıdadır.
İlkin Şakiroğlu yazır: Bizi yaşatmayan xatirələr
Şərh edilməmiş
