İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, özəl məhkəmə ekspertləri ilə bağlı intizam qaydaları müəyyənləşdirilir.
İntizam icraatı zamanı özəl məhkəmə ekspertinin yazılı izahat, zəruri məlumat və sənədləri təqdim etməkdən imtina etməsi ona intizam tənbehinin tətbiqinə mane olmayacaq.
İntizam Komissiyasının yekun rəyinə əsasən, intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq özəl məhkəmə ekspertinə töhmət verilə, 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq oluna və ya ekspertin şəhadətnaməsi ləğv edilə bilər.
Cərimədən əldə olunan vəsait qanunla müəyyən edilmiş məqsədlər üçün Palatanın bank hesabına köçürüləcək.
İntizam tənbehi pozuntunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il keçənədək tətbiq edilə bilər. Qanunda nəzərdə tutulan bəzi hallar üzrə müddətin hesablanmasına fasilə veriləcək.
Töhmət verildiyi gündən bir il müddətində qüvvədə olacaq. İntizam tənbehinin tətbiqi qərarla rəsmiləşdiriləcək və qərar üç iş günü ərzində ekspertə elan edilərək əmrin surəti ona təqdim olunacaq.
Özəl məhkəmə eksperti verilmiş əmrdən inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
Bundan əlavə, intizam tənbehi tətbiq edilmədən ekspertə yazılı və ya şifahi xəbərdarlıq da edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.
