Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikası üzrə məlumatlar bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də təqdim ediləcək.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, xarici ticarətin gömrük statistikasına dair məlumatların təqdim edildiyi dövlət qurumlarının siyahısına Kənd Təsərrüfatı Nazirliyi də əlavə olunub.
Bundan əvvəl həmin məlumatlar Milli Məclisə, Mərkəzi Banka, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat və Maliyyə nazirliklərinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilirdi.
