Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, aparılan araşdırmalar zamanı 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadənin müxtəlif xarici dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə qanunsuz müdaxilə etdiyi müəyyən olunub. Onlar saytların idarəetmə panellərinə icazəsiz giriş əldə edərək məxfi məlumatları ələ keçiriblər.
Bundan sonra həmin şəxslər internet resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə məxsus proqram təminatları yerləşdirərək saytları nəzarətə götürüblər. Daha sonra isə ələ keçirdikləri idarəetmə panellərinin satışını təşkil ediblər.
İstintaqla müəyyən edilib ki, Ramil Feyziyev ümumilikdə 2300, Elçin Abdullazadə isə 179 xarici veb-sayta müdaxilə edərək onları ələ keçirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda kiberpolis tərəfindən müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, informasiya sistemlərinə qanunsuz müdaxilə, onların ələ keçirilməsi və ya satışı cinayət məsuliyyəti yaradır. Rəqəmsal mühitdə anonim qalacağını düşünən şəxslər müasir texnologiyalar vasitəsilə müəyyən edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar.
Qeyd olunur ki, texniki bilik və bacarıqlar yalnız qanuni məqsədlər üçün istifadə olunmalı, informasiya təhlükəsizliyinin qorunmasına xidmət etməlidir.
