Sosial şəbəkələrdə ictimai əxlaq normalarını pozan paylaşımlara qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər artıq yeni mərhələyə qədəm qoyub. Son olaraq sosial şəbəkələrdə qeyri-etik paylaşımları və cəmiyyətə qarşı hörmətsiz davranışları ilə tanınan tiktoker Əlikram Heydərovun saxlanılması, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati həbs edilməsi bu istiqamətdə atılan addımlardan biridir.
ilkinxeber.az informasiya agentliyi hesab edir ki, bu qərar dövlətin ictimai əxlaqın qorunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdiyini göstərir. Bununla yanaşı, sosial şəbəkələrdə əxlaqsızlığı məqsədli şəkildə təbliğ edən, bunu gəlir mənbəyinə çevirən və dəfələrlə eyni əməlləri təkrarlayan şəxslərlə bağlı daha sərt hüquqi tədbirlərin görülməsi də zəruridir. Çünki cəmiyyətin mənəvi dəyərlərinə qəsd edən hərəkətlər təkcə bir paylaşım deyil, həm də gənc nəslin düşüncəsinə mənfi təsir göstərən təhlükəli nümunədir.
Bu gün izləyici sayı naminə ailə dəyərlərini, milli-mənəvi prinsipləri və ictimai davranış qaydalarını ayaq altına atan şəxslər özlərini “kontent istehsalçısı” kimi təqdim etməyə çalışırlar. Halbuki cəmiyyətə mənfi təsir göstərən məzmunun nə yaradıcılıqla, nə də söz azadlığı ilə əlaqəsi var.
Söz azadlığı məsuliyyətlə müşayiət olunmalıdır. Heç kəs sosial şəbəkələrdən istifadə etməklə ictimai əxlaqı təhqir etmək, cəmiyyətin dəyərlərini alçaltmaq və bunu qazanc vasitəsinə çevirmək hüququna malik deyil. Sosial media faydalı ideyaların yayıldığı məkan olmalıdır, əxlaqsız davranışların nümayiş olunduğu səhnə yox
