İlkin Şakiroğlu yazır
İnsan həyatının ən görünməz savaşlarından biri başqaları ilə müqayisə edilmək deyil, insanın özünü başqaları ilə müqayisə etməsidir. Bu müqayisə çox zaman səssiz başlayır. Kiminsə uğuruna baxıb içində yaranan kiçik bir narahatlıqla, sosial şəbəkədə qarşıya çıxan “ideal həyat” görüntüləri ilə, yaxud yaxın çevrədə eşidilən bir cümlə ilə. Sonra insan fərqinə varmadan öz həyatını, qazancını, görünüşünü, hətta xoşbəxtliyini belə başqa insanların həyatı ilə ölçməyə başlayır.
Əslində müqayisə insan psixologiyasının qədim xüsusiyyətlərindən biridir. İnsan həmişə yaşadığı mühitdə öz yerini müəyyən etməyə çalışıb. Kim daha güclüdür, kim daha uğurludur, kim daha çox sevilir sualları illərdir dəyişməyib. Sadəcə zaman dəyişib, müqayisənin forması dəyişib. Bir vaxtlar insan yalnız yaxın çevrəsi ilə müqayisə olunurdusa, indi bütün dünya insanın qarşısındadır. Telefon ekranında hər gün yüzlərlə “mükəmməl həyat” nümayiş etdirilir. Bahalı maşınlar, dəbdəbəli istirahətlər, xoşbəxt ailə fotoları, uğur hekayələri…
Amma insanların çoxu bir şeyi unudur: sosial şəbəkələr həyatın özü deyil, seçilmiş fraqmentləridir. Heç kim uğursuzluğunu, gecə boyu ağladığı anları, yaşadığı qorxuları və daxili boşluğunu paylaşmır. İnsanlar vitrini göstərir, həyatın arxa tərəfini yox. Buna baxmayaraq, başqa bir insanın ən parlaq anını öz həyatımızın ən çətin günü ilə müqayisə edirik. Məhz problem də burada başlayır.
Müqayisə insanın içində gizli narazılıq yaradır. İnsan sahib olduğu şeylərin dəyərini itirməyə başlayır. Öz uğurlarını kiçik görür, öz həyatını natamam hesab edir. Halbuki hər insanın yolu fərqlidir. Kiminsə iyirmi yaşında qazandığını başqa biri qırx yaşında qazana bilər. Kiminsə xoşbəxt görünən həyatı daxilən böyük bir yorğunluğun içində ola bilər. Həyatı yarışa çevirəndə isə insan yaşamağı yox, yetişməyi düşünür.
Bu müqayisənin ən ağır nəticələrindən biri də insanın özünü itirməsidir. İnsan artıq nəyi həqiqətən istədiyini yox, başqalarının nə qazandığını düşünür. Başqasının həyatı ilə maraqlana maraqlana öz həyatından uzaq düşür. Bir müddət sonra isə içində qəribə boşluq yaranır. Çünki insan başqası olmağa çalışdıqca özündən uzaqlaşır.
Bəs bundan necə qurtulmaq olar?
İlk növbədə insan anlamalıdır ki, hər həyatın görünməyən tərəfi var. Hər gülən insan xoşbəxt deyil. Hər uğurlu görünən insan rahat yaşamır. Hər zəngin insan huzurlu deyil. İnsanlar yalnız göstərmək istədiklərini göstərirlər.
İkinci vacib məsələ insanın öz yolu ilə barışmasıdır. Hər kəsin taleyi, imkanı, ailəsi, yaşadığı mühit fərqlidir. Eyni başlanğıca sahib olmayan insanların nəticələrini müqayisə etmək ədalətli deyil. İnsan öz dünəni ilə yarışmalıdır, başqasının bu günü ilə yox.
Daha bir vacib məsələ isə sosial şəbəkələrin insan həyatındakı təsirini azaltmaqdır. İnsan saatlarla başqalarının həyatına baxdıqca öz həyatından narazı qalmağa başlayır. Halbuki həyat telefondakı şəkillərdən ibarət deyil. Həyat real münasibətlərdə, ailə söhbətlərində, sakit axşamlarda, insanın iç huzurunda gizlidir.
İnsan öz dəyərini başqalarının uğuru ilə ölçməməlidir. Çünki hər insanın həyatında fərqli zaman var. Kimisi tez çiçək açır, kimisi gec. Amma gec açan çiçək də öz gözəlliyini itirmir.
Ən böyük azadlıq insanın özünü olduğu kimi qəbul etdiyi andır. İnsan o zaman anlayır ki, başqasının həyatı ilə yarışmaq ömür boyu davam edən yorucu bir yoldur. Öz yolunla getmək isə daha sakit, daha həqiqi və daha insani seçimdir.
