Prezident İlham Əliyev “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb.
İLKİNxeber.az xəbər verir ki, yeni dəyişikliklər elektron müraciətlərin qəbulu və cavablandırılması mexanizmlərini daha da təkmilləşdirməyə yönəlib.
Dəyişikliyə əsasən, elektron müraciətlər aidiyyəti qurumun rəsmi internet informasiya ehtiyatı, elektron poçt ünvanı və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təqdim oluna biləcək.
Bundan əlavə, elektron müraciətlərə cavab vətəndaşın seçiminə uyğun olaraq elektron qaydada, poçt vasitəsilə və ya EHİS üzərindən göndəriləcək. Elektron müraciətdə tələb olunan bəzi məlumatlar göstərilmədiyi halda isə cavab poçt vasitəsilə təqdim olunacaq.
Qanuna edilən digər dəyişikliklərə görə, vətəndaşlar qəbul üçün şəxsiyyətini təsdiq edən sənədlə müraciət edə, həmçinin rəsmi internet resurslarında və ya EHİS üzərindən elektron imza ilə qeydiyyatdan keçə biləcəklər.
Qəbul günü vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etməli, onun adından nümayəndə iştirak etdikdə isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd göstərilməlidir.
Vətəndaş müraciətləri ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
Şərh edilməmiş
