Xocəsən qəsəbəsində yerləşən Xocəsən gölünün su səviyyəsinin artması ətraf ərazilərdə ciddi problemlərə səbəb olub.
İLKİNxeber.az-ın əldə etdiyi məlumata görə, gölün həcminin artması nəticəsində yaxınlıqda yerləşən bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr su altında qalıb.
Sakinlərin sözlərinə görə, gölün təbii axarının qarşısının alınması və yağış sularının əraziyə toplanması vəziyyəti daha da ağırlaşdırıb. Onlar bildirirlər ki, aylardır davam edən problemə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən effektiv tədbirlər görülmür.
“Müxtəlif qurumlara müraciət etsək də, problemi həll edən yoxdur. Həyətlərimiz su içində qalıb, uşaqlarda müxtəlif xəstəliklər yaranıb, heyvanlarımız isə çirkab suyun içində yaşayır”, deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsindən bildirilib ki, göldə suyun səviyyəsinin yüksəlməsinə səbəb Lökbatan gölü istiqamətində uzanan axın xəttinin mövcud həcmi qəbul edə bilməməsidir. Nəticədə artıq su tam şəkildə ötürülə bilmir.
Qeyd olunub ki, problemin köklü həlli məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti qurumları tərəfindən Şıxov istiqamətində yeraltı tunel vasitəsilə yeni kanalizasiya xəttinin çəkilişi həyata keçirilir. Eyni zamanda Sahil qəsəbəsi ərazisində müasir təmizləyici qurğunun inşası davam etdirilir.
Layihə başa çatdıqdan sonra Xocəsən və Lökbatan göllərinə daxil olan çirkab sular təmizlənərək Xəzər dənizinə ötürüləcək. Bələdiyyədən həmçinin bildirilib ki, Xocəsən ərazisində aparılan tikinti işlərinin göldə yaranmış vəziyyətlə hər hansı əlaqəsi yoxdur.
