Azərbaycan və Türkmənistan arasında dostluq münasibətlərinin daha bir rəmzi addımı atılıb.
İLKİNxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostluq” neftdaşıyan tankerinin Türkmənistana hədiyyə olunmasına həsr edilən onlayn mərasim keçirilib.
Mərasimdə bildirilib ki, Türkmənistan üçün inşa edilən tanker Bakı Gəmiqayırma Zavodunda hazırlanıb. Müasir texnologiyalar əsasında tikilən gəminin uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metr təşkil edir. Tankerin yükdaşıma qabiliyyəti 7875 ton dedveyt həcmindədir.
“Dostluq” tankerinin tikintisi Azərbaycanın gəmiqayırma sahəsində qazandığı uğurları nümayiş etdirməklə yanaşı, Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə də xidmət edir. Layihə ölkəmizin mürəkkəb və böyük həcmli dəniz nəqliyyatı vasitələrinin istehsalı imkanlarına malik olduğunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, Bakı Gəmiqayırma Zavodunda bu günədək 14 müxtəlif təyinatlı gəmi inşa edilib, 170-dən artıq gəmi isə əsaslı təmir və modernizasiya olunub. Hazırda müəssisənin sifariş portfelində yer alan 17 gəmidən 11-i tikinti mərhələsindədir, digər 6 gəmi üzrə isə layihələndirmə işləri davam etdirilir.
