İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, 2026-cı ilin yaz və yay mövsümünə hazırlıq məqsədilə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində ictimai istirahət üçün istifadə edilən çimərliklərdə sanitariya norma və qaydalarına əməl olunma vəziyyətini və dəniz suyunun keyfiyyət göstəricilərini mütəmadi qaydada yoxlayır.
Aparılan laborator analizlərin nəticələrinə əsasən bəzi ərazilərdə götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin mövcud sanitar tələblərə cavab vermədiyi müəyyən edilib.
Yoxlamalar zamanı Bakı şəhərinin Xəzər rayonuna daxil olan Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbəsi, eləcə də Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış sahəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə çirkab sularının və tullantıların təsiri ilə dəniz suyunun keyfiyyətində normadan kənara çıxmalar qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq əhalinin sağlamlığının qorunması məqsədilə həmin ərazilərdə və yaxın zonalarda yerləşən çimərliklərdə dəniz suyundan istifadə etməklə çimmək fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qərarın icrası ilə bağlı Bakı, Lənkəran və Xaçmaz şəhər və rayon icra hakimiyyətləri, aidiyyəti polis qurumları, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli strukturları məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız rəsmi olaraq istifadəyə icazə verilən çimərliklərə üstünlük verməyi və verilən xəbərdarlıqlara ciddi əməl etməyi tövsiyə edir.
