Bakıda biznes adı altında milyonlarla manatlıq dələduzluq edən şəxslərdən biri intihar edib, digəri isə həbs olunub.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Cinayət işinin materiallarına əsasən, 50 yaşlı Zaur Mövlamov tanışı Nizami Həsənovla əlbir olaraq iki nəfərin ümumilikdə 2 milyon 560 min manat pulunu mənimsəyib.
Zərərçəkmişlərdən əsasən Rasim Aslanov siqaret biznesinə sərmayə qoymaq və yüksək gəlir əldə etmək məqsədilə 2 milyon 430 min manat pul verib. Digər zərərçəkmiş Musa Əliyev isə eyni məqsədlə 110 min manat vəsait yatırıb. Bildirilir ki, onlar əvvəllər bu biznesdən qazanc əldə etsələr də, sonradan aldadıldıqlarını anlayıblar.
Zaur Mövlamov ifadəsində qeyd edib ki, əvvəlki dövrdə fəaliyyətləri gəlirli olub, məhsulları əsasən Dubaydan ucuz qiymətə alaraq Bakıda baha satıblar. Lakin sonradan işlərində problemlər yaranıb və yatırılan vəsaitlər itib. O, özünü tam təqsirli hesab etmədiyini, əsas təşkilatçının Nizami Həsənov olduğunu bildirib və özünü vasitəçi kimi təqdim edib.
İstintaq zamanı məlum olub ki, Nizami Həsənov cinayət işi araşdırılarkən özünü asaraq intihar edib. Mövlamov bildirib ki, hadisədən xəbər tutduqdan sonra dərhal Bilgəhdə yerləşən bağ evinə gedib və Nizaminin meyitini orada görüb.
Hadisədən sonra zərərçəkmişlərin şikayətləri əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar nəticəsində Zaur Mövlamov həbs edilib, Nizami Həsənov barəsindəki cinayət işi isə onun ölümü ilə əlaqədar xitam verilib.
Zərərçəkmiş şəxslər məhkəmədə çıxış edərək pullarının geri qaytarılmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb ediblər.
Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Zaur Mövlamovun təqsiri sübuta yetirilmiş hesab olunub. Məhkəmənin hökmünə əsasən, o, xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, məhkəmə zərərçəkmişlərin mülki iddialarını da təmin edib və təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı tam şəkildə ödəməsi qərara alınıb.
