İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, iyulun 8-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşüb.
Görüş zamanı Azərbaycanın enerji strategiyası, ölkənin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat təqdim olunub. Həmçinin, ölkədə sabitlik və dayanıqlı inkişafın təmin edildiyi, xarici şirkətlər üçün əlverişli investisiya mühitinin yaradıldığı diqqətə çatdırılıb.
Tərəflər arasında aparılan müzakirələrdə SOCAR-ın milli neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə çevrilməsi prosesi, müxtəlif istiqamətlər üzrə fəaliyyəti və həm Azərbaycanda, həm də xarici ölkələrdə icra etdiyi layihələr barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, şirkətin “yaşıl gündəliyi”, bərpaolunan enerji sahəsində tərəfdaşlarla birgə reallaşdırdığı layihələr və dekarbonizasiya hədəfləri də görüşün əsas mövzularından olub. Qeyd edilib ki, SOCAR fəaliyyətində rəqəmsallaşmaya xüsusi önəm verir, data mərkəzlərinin yaradılması və süni intellekt sahəsində yeni layihələrə investisiya yatırır. Bu istiqamətdə şirkətin üç müəssisəsinin Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” mükafatına layiq görülməsi vurğulanıb.
Sonda tərəflər enerji sektorunda əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
