Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir təşkil olunub.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, tədbirdə DSX rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın sərhəd mühafizəsi sisteminin inkişafından danışıb.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi-strateji kurs Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan ardıcıl islahatlar nəticəsində dövlət sərhədinin mühafizəsi sistemi müasir tələblərə uyğun şəkildə inkişaf etdirilib.
Elçin Quliyev sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edərək onların dövlət sərhədlərinin toxunulmazlığının qorunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edib.
Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində göstərdiyi şücaət və peşəkarlıq xüsusi vurğulanıb. Bildirilib ki, sərhədçilər döyüş meydanında göstərdikləri qəhrəmanlıqla Azərbaycanın tarixi Zəfərinə mühüm töhfə veriblər.
Həmçinin qeyd olunub ki, Azərbaycan sərhədçiləri quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək təhdidlərə çevik və qətiyyətli cavab vermək iqtidarındadırlar.
Mərasim zamanı Prezident İlham Əliyevin müvafiq sərəncamları şəxsi heyətə elan edilib, bir sıra zabitlərə ali hərbi rütbələr təqdim olunub. Xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular isə orden və medallarla təltif ediliblər.
