Aktyor Bred Pittin yeddi illik fasilədən sonra yenidən spirtli içki qəbul etməsi onun dostlarını narahat edib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Radar Online” nəşri aktyorun yaxın çevrəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bred Pittin “Anonim alkoqoliklər” cəmiyyətində tanış olduğu şəxslər aktyorun yenidən spirtli içki qəbul etməsindən ciddi narahatlıq keçirirlər. Onlar Pittin uzun müddət ayıq həyat tərzinə ciddi yanaşdığını xatırladaraq, onun hazırkı vəziyyətinin gələcəkdə necə inkişaf edəcəyindən əmin deyillər.
Aktyorun yaxın çevrəsi isə hesab edir ki, sevgilisi İnes de Ramon bu məsələdə Pittə dəstək ola və onun spirtli içki qəbuluna nəzarət etməsinə kömək göstərə bilər.
Mənbə bildirib ki, İnes de Ramon aktyorun keçmişindən xəbərdardır və ətrafındakı insanların narahatlığının səbəbini anlayır. Pitt isə vəziyyətin öhdəsindən gələ biləcəyinə inanır. Aktyorun yeddi illik ayıqlıq dövrünü bilən dostları onun bu məsələdə ehtiyatlı davranacağına ümid edirlər.
Qeyd edək ki, Bred Pitt avqustun 11-də “Esquire” nəşrinə müsahibəsində yeddi illik fasilədən sonra yenidən spirtli içki qəbul etməyə başladığını açıqlayıb. O, hazırda az miqdarda, məsələn, bir neçə qədəh şərab içə bildiyini söyləyib.
Pittin spirtli içkidən uzaqlaşmasının keçmiş həyat yoldaşı Ancelina Coli ilə yaşadığı qalmaqallı hadisədən sonra başladığı ehtimal olunur. Təyyarədə baş verdiyi bildirilən həmin mübahisə zamanı uşaqların da hadisəyə şahid olduğu və onlardan ən azı ikisinin üzərinə içki töküldüyü qeyd edilib.
Daha sonra Ancelina Colinin məhkəməyə təqdim etdiyi sənədlərdə Bred Pittə qarşı uşaqlardan birini boğduğu, digərinə vurduğu və Colinin başından tutaraq onu silkələdiyi barədə iddialar yer alıb. Bu iddialar Pitt tərəfindən mübahisəli şəkildə qarşılanıb.
