Bakıda anasının imtina etdiyi körpənin bir sıra anadangəlmə fiziki inkişaf qüsurları ilə doğulduğu məlum olub.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin yalnız qollarında deyil, ayaqlarında da inkişaf problemi aşkarlanıb. Bundan başqa, uşağın barmaqlarının bitişik olduğu bildirilir.
Məlumata əsasən, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki inkişaf qüsuru müşahidə olunur.
Körpə iyunun 27-də Sabunçu Tibb Mərkəzində 36 həftəlik hamiləlikdən sonra qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Doğuş zamanı onun çəkisi 2 kiloqram 600 qram, boyu isə 47 santimetr olub.
Rəsmi məlumatda körpənin “çoxsaylı inkişaf qüsurları ilə” doğulduğu qeyd edilib.
Müalicə və tibbi müşahidə mərhələsindən sonra ana iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, uşaqla bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları məsələyə cəlb olunublar.
Uşağın səhiyyə müəssisəsində vəziyyəti qiymətləndirildikdən sonra onun daimi qayğı ilə təmin olunması üçün qanunvericiliyə uyğun şəkildə 1 nömrəli körpələr evinə yerləşdirildiyi bildirilib.
Agentlikdən qeyd olunub ki, körpənin vəziyyəti bundan sonra da mütəmadi olaraq diqqətdə saxlanılacaq.
