İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrail tərəfindən İranın ali lideri Əli Xameneiyə qarşı həyata keçirildiyi bildirilən hücum zamanı yaşadıqlarını ilk dəfə ictimaiyyətlə bölüşüb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramına qonaq olan Əraqçi hadisənin Əli Xameneinin Baş Qərargah rəisinin müavini Əli Əsgər Hicaziyə məlumat verildiyi vaxt baş verdiyini bildirib.
Nazirin sözlərinə görə, həmin an ardıcıl üç güclü partlayış qeydə alınıb. O qeyd edib ki, üçüncü partlayış binanın yerləşdikləri hissəsinin yaxınlığında baş verib və Hicazinin ofisinin yerləşdiyi qanad birbaşa zərbə alaraq tamamilə dağılıb.
Əraqçi bildirib ki, partlayışdan sonra olduqları hissədə tavan və divarlar çöküb. Onun sözlərinə görə, Hicazinin əlindən tutaraq dağıntılar arasından çıxmağa çalışıblar. Tavandan su damdığını, ətrafın tamamilə xarabalığa çevrildiyini deyən nazir sonda dağıntılar altından sağ çıxmağa nail olduqlarını vurğulayıb.
O, hücum zamanı Əli Əsgər Hicazinin katibinin həlak olduğunu, Hicazi və özünün isə xilas edildiyini açıqlayıb.
Əraqçi hadisədən sonra təhlükəsizlik risklərinin davam etdiyini də bildirib. Onun sözlərinə görə, xidməti avtomobili yararsız hala düşdüyündən Xarici İşlər Nazirliyinə yoldan keçən başqa bir avtomobillə gedib. Nazir növbəti mümkün hücumların qarşısını almaq məqsədilə Tehranda tez-tez yerini dəyişdiyini və üç gün ərzində dövlət qurumlarında çalışan bir sıra şəxslərlə əlaqə saxlaya bilmədiyini deyib.
İranın xarici siyasət rəhbəri İsrailin ölkə rəhbərliyinin yüksək səviyyəli görüşlərindən məlumatlı olmasına da diqqət çəkərək bunun təhlükəsizlik sistemində ciddi boşluqların mövcudluğuna işarə etdiyini bildirib. O vurğulayıb ki, bu zəifliklərin aradan qaldırılması vacibdir.
Əraqçi müsahibəsində həmçinin bəzi region ölkələrinin ABŞ Prezidenti Donald Trampa İranla bağlı xəbərdarlıqlar etdiyini söyləyib. Onun sözlərinə görə, həmin ölkələr Vaşinqtona İranın Venesuela ilə müqayisə edilə bilməyəcəyini bildirərək hərbi müdaxilənin ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq ediblər.
Nazir qeyd edib ki, İranın əsas gücü minilliklərə söykənən dövlətçilik və sivilizasiya ənənələri, eləcə də şiə düşüncəsi və şəhidlik inancı ilə formalaşan ictimai müqavimət ruhudur. Bu amillərin ölkəni xarici təzyiqlərə qarşı daha dayanıqlı etdiyini vurğulayıb.
