2026-cı ilin əvvəlindən etibarən Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 19,7 milyard dollar azalıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “RIA Novosti” “Bloomberg Billionaires Index”ə istinadən məlumat yayıb.
Reytinqə əsasən, Rusiyanın ən varlı iş adamları arasında ilk pillədə “Severstal”ın təsisçisi Aleksey Mordaşov qərarlaşıb. Onun sərvəti 27,7 milyard dollar qiymətləndirilir.
Sonrakı yerlərdə “Novatek”in rəhbəri Leonid Mixelson 24,1 milyard dollar, “Nornikel”in prezidenti Vladimir Potanin 22,7 milyard dollar, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin 22,5 milyard dollar və “LUKOIL”un təsisçisi Vahid Ələkbərov 20,7 milyard dollar sərvətlə yer alıb.
Qlobal milyarderlər siyahısına isə 888 milyard dollar sərvətlə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask başçılıq edir.
İlk beşliyə həmçinin “Google”un həmtəsisçisi Larri Peyc 291 milyard dollar, “Amazon”un təsisçisi Ceff Bezos 281 milyard dollar, “Google”un digər həmtəsisçisi Sergey Brin 271 milyard dollar və “Dell Technologies”in baş direktoru Maykl Dell 232 milyard dollar sərvətlə daxil olublar.
“Bloomberg Billionaires Index” dünyanın ən varlı 500 şəxsi barədə məlumatları əhatə edir. Reytinqdə 18 Rusiya vətəndaşı yer alır. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin cari bazar dəyəri əsasında hesablanır.
