ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli hal qeydə alınıb.
Hadisə ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin baytarlıq mütəxəssisləri əraziyə cəlb olunub və təsərrüfatda epizootoloji araşdırma aparılıb.
Təsərrüfatda saxlanılan heyvanlar kliniki müayinədən keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq sanitariya və profilaktik tədbirlər görülüb. Təsərrüfatın girişində dezobaryer yaradılıb, giriş və çıxış məhdudlaşdırılıb, heyvanların kənar şəxslərlə təmasına nəzarət gücləndirilib.
Qarayara xəstəliyinə şübhəli heyvanlar təcrid olunaraq müvafiq müalicəyə cəlb edilib. Təsərrüfata gedən yolda və rayon ərazisində dezinfeksiya işləri aparılıb.
Xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində də epizootoloji vəziyyət qiymətləndirilib. İri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib, seçmə üsulla termometriya aparılıb. Yoluxma riskinin nəzərə alınması ilə ərazidə heyvanların qarayaraya qarşı peyvəndlənməsi təşkil edilib.
Hazırda təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik nəzarətindədir. Heyvanların temperaturu mütəmadi ölçülür, yemlənməsi və ümumi kliniki vəziyyəti izlənilir. Hazırda heyvanların ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, qarayara torpaq mənşəli infeksion xəstəlikdir. Xəstəliyin törədicisinin sporları ətraf mühitdə uzun müddət qala bilir. Heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, həmçinin zədələnmiş dəri və selikli qişalar vasitəsilə yoluxa bilirlər.
Mütəxəssislər bildirirlər ki, belə halların qeydə alınması infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Baytarlıq sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl olunması xəstəliyin yayılma riskini əhəmiyyətli dərəcədə azaldır.
Samux rayonunda hazırda epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və ətraf ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Aqrar Xidmətlər Agentliyi tərəfindən nəzarətdə saxlanılır.
